Milli İnternet Mükafatı – MilliNet2026 müsabiqəsində rəqəmsal resursların qeydiyyatı başa çatıb.
Bu il müsabiqəyə 9 nominasiya üzrə rekord sayda – 405 rəqəmsal resurs təqdim edilib. Onlardan 382-si müsabiqəyə qəbul edilib. Ötən illə müqayisədə müsabiqəyə təqdim edilən rəqəmsal resursların sayı 2,3 dəfə artıb.
Qaydalara uyğun olmadığı və ya müxtəlif problemlər səbəbindən müsabiqəyə qəbul edilməyən resursların sahibləri 1-ci mərhələ səsverməsi başa çatanadək problemləri aradan qaldıraraq yenidən müraciət edə bilərlər.
Hazırda MilliNet.az saytında yeni resursların qeydiyyatı dayandırılıb. Qeydiyyatdan keçmiş istifadəçilər müsabiqəyə qəbul edilən resursları bəyənməklə onlara münasibət bildirə bilərlər.
“İlin rəqəmsal siması” xüsusi nominasiyası üzrə 6 namizəd irəli sürülüb.
MilliNet Təşkilat Komitəsi bildirir ki, hazırda 1-ci mərhələ qiymətləndirmə prosesi davam edir və noyabrın 30-da başa çatacaq.
Müsabiqənin qaydalarına uyğun olaraq səsvermə iki mərhələdə həyata keçirilir.
1-ci mərhələ səsverməsinin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq. Bu nominantlar arasından 2-ci mərhələ səsverməsinin nəticələrinə əsasən qaliblər seçiləcək.
2-ci mərhələ səsverməsi dekabrın əvvəlində başlayacaq və dekabrın 10-dək yekunlaşacaq.
Bu il 9 nominasiya üzrə rəqəmsal resurslar 15 münsif tərəfindən qiymətləndirilir. “İlin rəqəmsal siması” nominasiyası üzrə qalib MilliNet Təşkilat Komitəsi tərəfindən müəyyən olunacaq.
Münsiflərin 2-ci mərhələdə verdikləri qiymətlər yekun təqdimat mərasimindən sonra açıqlanacaq.
Qaliblərə MilliNet-in ənənəvi mükafatları, qiymətli hədiyyələr və diplomlar təqdim ediləcək.
MilliNet2026-nın yekun təqdimat və mükafatlandırma mərasiminin dekabr ayında keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Texniki Universiteti (AzTU) və 4SİM Azərbaycan qurumlarıdır.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar AzİnTelecom, ABB Innovation və Caspel şirkətləridir.
Sponsorlar SABAH.HUB, CyberPoint, B&B SECURITY, Alas Academy, ULTRA Technologies, Hellojob.az, Prometech və Mediatrends şirkətləridir.
MilliNet-in media tərəfdaşları Technote Media, TechZone.az və Xəbərlər.az texnoloji media resurslarıdır.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı milli rəqəmsal resursları və innovativ həlləri üzə çıxarmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.
MilliNet Təşkilat Komitəsi