Qaydalar

MilliNet - Milli İnternet Mükafatı

1.1. Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu (AİF) tərəfindən təsis edilən peşəkar internet və texnologiya mükafatıdır. Bu mükafat hər il cəmiyyətin müxtəlif sahələrində, sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən rəqəmsal həllərə, milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

Milli İnternet Mükafatının əsas məqsədi

2.1. MilliNet-in əsas məqsədi Azərbaycanda internetin, innovasiyaların və İnformasiya Texnologiyalarının inkişafına dəstək verməkdir
2.2. Ən yaxşı milli rəqəmsal resurslarımızın ölkəmizdə və dünyada tanıdılması, geniş istifadəçi auditoriyasında təbliği müsabiqənin əsas məqsədlərindədir
2.3. İnternetin və İnformasiya Texnologiyalarının populyarlaşmasına dəstək vermək
2.4. Azərbaycan dilinin İKT mühitində tətbiqini genişləndirmək
2.5. Bu mükafata layiq görülənlər aşağıdakı fəxri adı daşıyırlar: “MillNet - Milli İnternet Mükafatı Laureatı”

Müsabiqədə iştirak üçün tələb olunan şərtlər

3.1. İstənilən hüquqi və ya fiziki şəxs Azərbaycan İnternet Forumunun təsis etdiyi Milli İnternet Mükafatını almaq üçün özünün onlayn resursunu müsabiqəyə təqdim edə bilər. Müraciətdə bir şəxs birdən çox resurs eyni və ya fərqli mükafat nominasiyalarında təqdim edə bilər. Hər bir resurs yalnız bir nominasiya üzrə verilə bilər. Təqdim olunan resurs Müsabiqənin müvafiq nominasiyasının mahiyyətinə uyğun olmalıdır. İddiaçı ilə məsləhətləşmə əsasında Təşkilat Komitəsi tərəfindən nominasiyada dəyişiklik edilə bilər. İddiaçının müraciətində Nominasiya seçimi ilə bağlı bu Qaydaların tələblərinin pozulması halları olarsa Təşkilat komitəsinin qərarı ilə daha uyğun Nominasiya dəyişikliyi edilə bilər.
Təqdim olunan resurslar qeydiyyatdan keçdikdən sonra iddiaçılar bu haqda məlumatı öz saytlarının ön hissəsində yerləşdirirlər.

3.2 Mükafatın təsisçisi Azərbaycan İnternet Forumu və ya üzvlərindən, yaxud mükafatın sponsorlarından hər hansı biri eyni zamanda öz əməklərinin məhsulu olan resursları və ya layihələri müsabiqəyə təqdim edə bilərlər. Onlar resursların qiymətləndirilməsində iştirak etmirlər. Azərbaycan İnternet Forumu təminat verir ki, bu təqdimatlar da digərləri ilə birlikdə ümumi əsaslarla və obyektivliklə qiymətləndiriləcək.

3.3 Milli əxlaq və ənənələrə uyğun olmayan resurslar müsabiqəyə buraxılmır.

3.4. Müsabiqə təşkilatçıları hər hansı yarış nominasiyalarından birində müsabiqənin aparılmaması və ya ehtiyac olduqda yeni mükafat nominasiyalarının müəyyənləşdirilməsi hüququnu özündə saxlayır.

3.5 Hər il keçirilməsi nəzərdə tutulan Müsabiqənin qaliblərinin elan edilməsi ilin sonunda gerçəkləşdirilən təqdimat mərasimində həyata keçirilir. Müsabiqənin başlanmasının elan edilməsi, qeydiyyat və səsvermə müddəti və digər hərəkətlər Təşkilat Komitəsi tərəfindən həyata keçirilir.

Dil və Azərbaycanla bağlılıq şərti

4.1 Azərbaycan İnternet Forumu Azərbaycanda milli internet resurslarının inkişaf etdirilməsini və genişləndirilməsini əsas məqsədi hesab edərək bu mükafatı təsis etdiyi üçün, müsabiqədə ancaq Azərbaycan dilli resursların iştirakına icazə verir.

Müsabiqəyə təqdim olunan resursların Azərbaycanla bağlı olması, Azərbaycan haqqında olması və ya Azərbaycan istifadəçiləri üçün nəzərdə tutulması vacibdir.

Yalnız Azərbaycanı xaricdə tanıtmaq və təbliğ etmək məqsədilə yaradılan resursların xarici dildə olması məqbul hesab olunur.

4.2. Resursların sahiblərinin istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda yaşaması, domen adlarının fərqli zonalarda olması , hostinqin yerləşdiyi məkan müsabiqədə iştiraka mane olmur.

İnsan şərəf və ləyaqətini alçaldan materiallar

5.1 Pornoqrafik və ya erotik məzmunlu, insanlıq əleyhinə , yaxud zorakılığı təbliğ edən, insan şərəf və ləyaqətini alçaldan materiallar olan resursların müsabiqədə iştirakı yolverilməzdir.

5.2 Hər hansı müsabiqə nominasiyasının şərtlərinə uyğun gəlməyən, yaxud iştirak şərtlərinə uyğun olmayan, qeydiyyat göstəriciləri həqiqi olmayan resurslar, layihələr müsabiqənin istənilən mərhələsində yarışdan çıxarıla bilər. Müsabiqədə iştirak edən resurslar müəllif hüquqlarına hörmətlə yanaşmalıdır. Müsabiqə prosesində bu Qaydaların pozulmasına, təhqirlərə və nalayiq ifadələrə yol verən iştirakçılar Təşkilat Komitəsinin qərarı ilə Müsabiqədən kənarlaşdırıla bilər.

5.3. Qeydiyyatdan imtina ilə bağlı əsaslar aradan qaldırıldıqdan sonra resurslar yenidən qeydiyyatdan keçə bilər.

Müraciət qaydaları

6.1. Müsabiqənin təşkilati işləri AİF tərəfindən formalaşdırılan Təşkilat Komitəsi tərəfindən aparılır.

Müsabiqədə iştirakla bağlı müraciətlər ancaq tərtib olunmuş “anket-forma” əsasında qeydiyyatdan keçdikdə qəbul edilir. Hər bir resursun və ya layihənin qeydiyyatı Milli Net saytında həyata keçirilir. Müraciət edən tələb olunan qaydada bütün suallara cavab verir. Tələb olunan qaydada müraciət formasını doldurmayanlar müsabiqəyə buraxılmırlar. Qeydiyyatda aşağıdakıların göstərilməsi zəruridir:

  • * Resursun adı
  • * Ünvan (URL)
  • * Resursun qısa təsviri
  • * Kimə məxsusdur
  • * Hazırlayan (fiziki və ya hüquqi şəxs)
  • * Nominasiya
  • * Dil
  • * Əlaqə vasitələri (S.A.A, telefon və e-poçt)

Müraciətlərin qəbulu

7.1. Resursun və ya layihənin müsabiqəyə buraxılması Təşkilat Komitəsi tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir.

7.2. Qeydiyyatdan keçənlər və qeydiyyatdan imtina ilə bağlı (səbəblər göstərilməklə) məlumat elektron formada müraciət edənlərə göndərilir.

7.3. Sonrakı məlumatlar ancaq hər hansı bir müsabiqə nominasiyasındakı nəticəyə görə göndərilir.

7.4. Müsabiqə nominasiyası üzrə qaliblər cari ilin sonunda AİF tərəfindən təşkil olunan təqdimat mərasimində ictimaiyyətə çatdırılır. Bununla bərabər, müsabiqə nominasiyaları üzrə qaliblərin siyahısı müsabiqə saytında və AİF-in rəsmi internet saytında dərc edilir.

NOMİNASİYALAR

  • İlin rəqəmsal hökumət həlli
  • İlin rəqəmsal təhsil resursu
  • İlin rəqəmsal maliyyə həlli
  • İlin e-ticarət həlli
  • İlin rəqəmsal sosial resursu
  • İlin rəqəmsal səhiyyə və sağlamlıq resursu
  • İlin innovativ həlli
  • İlin rəqəmsal oyunu
  • İlin informasiya resursu
  • İlin süni intellekt həlli
  • İlin rəqəmsal mədəniyyət və turizm həlli
  • İlin rəqəmsal biznes həlli
  • İlin rəqəmsal marketinq həlli
  • İlin rəqəmsal siması

Ekspert Komissiyasının üzvləri və qiymətləndirmə qaydası

8.1. Müsabiqəyə təqdim edilmiş rəqəmsal resursların qiymətləndirmə prosesi Ekspert Komissiyası tərəfindən aparılır. Ekspert Komissiyası AİF tərəfindən formalaşdırılır.


8.2. Komissiya ayrı-ayrı meyarların qiymətləndirilməsi üzrə işçi qruplar formalaşdıra, müstəqil ekspertləri qiymətləndirmə prosesinə cəlb edə bilər. Ekspert Komissiyası üzvlərinin və ekspertlərin şəxsi və ya professional əlaqədə olduqları resursların qiymətləndirilməsində iştirakına yol verilmir. Belə hallar müşahidə edilərsə, Təşkilat Komitəsinin qərarı ilə həmin resurslar yarışmadan çıxarılır və bu haqda məlumat müsabiqənin saytında yerləşdirilir.
Qiymətləndirmə prosesində üzrsüz səbəbdən iştirak etməyən Ekspert Komissiyası üzvləri AİF-in qərarı ilə üzvlükdən kənarlaşdırıla bilər. Komissiya üzvləri qiymətləndirmənin nəticələri, qaliblərin müəyyən edilməsi ilə bağlı qərarı təqdimat mərasiminədək açıqlamamalıdırlar.

8.3. İlin rəqəmsal resurslarının seçilməsi və nominantların müəyyənləşdirilməsi

Ekspert Komissiyasının üzvlərinin hər biri ayrılıqda müxtəlif müsabiqə nominasiyaları üzrə təqdim olunan resursları analiz edərək istiqamətlər üzrə qiymətləndirməni həyata keçirirlər. Səsvermə Ekspert Komissiyası tərəfindən iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə səsvermə Ekspert Komissiyası üzvləri tərəfindən Qiymətləndirmə Meyarlarına uyğun olaraq ümumi təəssüratlar və konkret hər bir istiqamət üzrə vəziyyətin ümumi dəyərləndirilməsi əsasında həyata keçirilir.
Ən çox bal toplayan 5 resurs həmin nominasiya üzrə nominantlar siyahısına daxil edilir. Birinci mərhələdə səslərin sayı bərabər olduğu halda bərabər səs toplayanların hər birisi nominant hesab olunur.

İkinci mərhələdə Ekspert Komissiyası üzvləri konkret istiqamətlər üzrə nominantların xüsusi bal sistemi əsasında qiymətləndirilməsini həyata keçirirlər. Hər bir Komissiya üzvünün qiymətləndirilməsi yazılı olaraq əsaslandırılır (qiymətləndirmə ilə bağlı qısa şərh yazılır). Ən çox bal toplayan resurs bu nominasiyanın qalibi hesab edilir.
Bir komissiya üzvünün verdiyi səslərin digər komissiya üzvü tərəfindən görülməsinə imkan verilmir. Səsvermə prosesi hər bir komissiya üzvü tərəfindən ayrılıqda millinet.az saytı üzərindən elektron formada həyata keçirilir. 


Qaliblərin müəyyən edilməsi məqsədilə keçirilən səsvermə prosesinin ikinci mərhələsində Ekspert Komissiyası üzvlərinin birgə toplantısı keçirilə bilər.
İkinci mərhələdə ballar bərabər olduqda yekun qərar Komissiya üzvlərinin məsləhətləşməsi əsasında qəbul olunur. Hər bir Ekspert Komissiyası üzvünün verdiyi səslər və onun əsaslandırılması Təqdimat Mərasimindən sonra dərhal millinet.az saytında yerləşdirilir.


Müsabiqənin yekunları haqqında məlumat İnternet və KİV vasitəsilə yayılır.

8.4. Müsabiqənin qaliblərinin mükafatları:

  • - AİF-in xüsusi diplomu
  • - Müsabiqənin xüsusi mükafatı
  • - Sponsorların hədiyyələri
  • - Digər xüsusi mükfatlar də müəyyən edilə bilər.

8.6. Ekspert Komissiyası resursların qiymətləndirilməsini aşağıdakı istiqamətləri nəzərdə tutan Qiymətləndirmə Meyarları əsasında həyata keçirir:

  • Faydalılıq
  • İnnovativlik
  • Kütləvilik
  • İstifadəçi rahatlığı
  • Funksionallıq
  • Dayanıqlıq
  • Güvənlilik

8.7. Meyarların qısa açıqlanması.

  • Faydalılıq:

Bu meyar internet resursunun istifadəçilər üçün nə qədər əhəmiyyətli və yararlı olduğunu qiymətləndirir. İnternet resurs istifadəçilərin tələbatına nə dərəcədə cavab verir, hansı ciddi bir problemi həll edir

  • İnnovativlik:

Bu meyar internet resursunun innovativ, yaradıcı məzmunlar təklif edib-edilmədiyini dəyərləndirir. İnternet resursun nə dərəcədə müasir texnologiyalara uyğun olduğunu nəzərdə tutur.

  • Kütləvilik:

Bu meyar, internet resursunun daha böyük auditoriyaya yönəldiyinin göstəricisidir.

  • İstifadəçi Rahatlığı:

Bu meyar internet resursunun istifadəçilər üçün asanlıqla istifadə edilə biləcəyinin göstəricisidir. Resursun rahatlığı məzmunların asan və intuitiv şəkildə əldə olunması və onların rahatlıqla istifadə edilməsini, responsive olmasını nəzərdə tutur.

  • Funksionallıq:

Bu meyar internet resursunun istifadəçilərə fərqli funksiyalar və imkanlar təklif edib-edilmədiyini qiymətləndirir. İnternet resurs, istifadəçilərə məzmunu daha effektiv şəkildə axtarmaq, sosial mediada paylaşmaq, interaktiv əlaqə qurmaq və digər işləri etmək üçün imkanlar təklif etməsi funksionallıq olaraq dəyərləndirilir

  • Dayanıqlıq:

Bu meyar internet resursunun kiber hücumlara, texniki problemələrə və dayanıqlılıq problemlərinə necə cavab verdiyini qiymətləndirir. Resursun təhlükəsizlik problemlərini sürətlə aradan qaldıra bilməsi, yüklənmələrə qarşı güclü olmağı, daim əlçatan olması dayanıqlı olaraq qabul edilir.

  • Güvənlilik:

Güvənlilik internet resursunun istifadəçilərin fərdi məlumatlarını və gizliliyini necə qoruduğunu nəzərdə tutur. Resursun təhlükəsizlik tədbirləri və istifadəçi məlumatlarını müdafiə etməyə yönləndirilmiş proseslər və tədbirlər, güvənlilik olaraq qəbul edilir.