İnternet Resurslarının Qiymətləndirilməsi Meyarlarının İzahı
1. Faydalılıq
Bu meyar internet resursunun istifadəçilər üçün nə qədər əhəmiyyətli və yararlı olduğunu qiymətləndirir. İnternet resursun istifadəçilərin tələbatına nə dərəcədə cavab verdiyi, hansı ciddi bir problemi həll etdiyi nəzərə alınır.
2. İnnovativlik
Bu meyar internet resursunun innovativ və yaradıcı məzmunlar təklif edib-etmədiyini, müasir texnologiyalardan nə dərəcədə səmərəli istifadə etdiyini dəyərləndirir. Resursun süni intellekt, avtomatlaşdırma və digər qabaqcıl texnoloji həllərdən — yalnız yenilik naminə deyil, istifadəçiyə real dəyər qatacaq şəkildə — məqsədəuyğun istifadə etməsi nəzərə alınır. Eyni zamanda resursun mövcud analoqlardan fərqlənən orijinal yanaşma və həllər təqdim etməsi qiymətləndirilir.
3. Auditoriya və İstifadə Miqyası
Bu meyar internet resursunun hədəf auditoriyasına çatma səviyyəsini, formalaşdırdığı real istifadəçi auditoriyasını və istifadə miqyasını qiymətləndirir. Resursun auditoriyasının ölçüsü onun təyinatı və hədəf istifadəçi qrupu nəzərə alınmaqla dəyərləndirilir. Eyni zamanda istifadə intensivliyi, auditoriyanın artım dinamikası və resursun daha geniş istifadə imkanları nəzərə alınır.
4. İstifadəçi Rahatlığı
Bu meyar internet resursunun istifadəçilər üçün asanlıqla istifadə edilə bilməsinin göstəricisidir. Resursun rahatlığı məzmunların asan və intuitiv şəkildə əldə olunmasını, onların rahatlıqla istifadə edilməsini və resursun responsive (müxtəlif cihazlara uyğunlaşan) olmasını nəzərdə tutur.
5. Funksionallıq
Bu meyar internet resursunun istifadəçilərə fərqli funksiyalar və imkanlar təklif edib-etmədiyini qiymətləndirir. İstifadəçilərə məzmunu daha effektiv şəkildə axtarmaq, sosial mediada paylaşmaq, interaktiv əlaqə qurmaq və digər işləri yerinə yetirmək üçün imkanların təqdim edilməsi funksionallıq olaraq dəyərləndirilir.
6. Dayanıqlıq və Güvənlilik
Bu meyar internet resursunun texniki baxımdan dayanıqlı, etibarlı və təhlükəsiz işləməsini qiymətləndirir. Resursun daim əlçatan və sürətli olması, müxtəlif yüklənmələr zamanı stabil işləməsi, keçid və funksionallıqların düzgün çalışması, nəzərəçarpan performans problemlərinin və xətaların olmaması nəzərə alınır. Eyni zamanda təhlükəsiz bağlantının təmin edilməsi, kibertəhlükələrə qarşı qorunma, istifadəçi məlumatlarının və məxfiliyin qorunması üçün tətbiq edilən texniki və təşkilati tədbirlər qiymətləndirilir.
Ekspert Komissiyasının üzvləri bu meyarlar əsasında resursları qiymətləndirir.