Ekspert Komissiyasının üzvləri və qiymətləndirmə qaydası
Müsabiqəyə təqdim edilmiş rəqəmsal resursların qiymətləndirmə prosesi Ekspert Komissiyası tərəfindən aparılır. Ekspert Komissiyası AİF tərəfindən formalaşdırılır.
Komissiya ayrı-ayrı meyarların qiymətləndirilməsi üzrə İşçi Qruplar formalaşdıra, müstəqil ekspertləri qiymətləndirmə prosesinə cəlb edə bilər. Ekspert Komissiyası üzvlərinin və ekspertlərin şəxsi və ya peşəkar əlaqədə olduqları resursların qiymətləndirilməsində iştirakına yol verilmir. Belə hallar müşahidə edilərsə, Təşkilat Komitəsinin qərarı ilə həmin resurslar yarışmadan çıxarılır və bu haqda məlumat müsabiqənin saytında yerləşdirilir.
Qiymətləndirmə prosesində üzrsüz səbəbdən iştirak etməyən Ekspert Komissiyası üzvləri AİF-in qərarı ilə üzvlükdən kənarlaşdırıla bilər.
Komissiya üzvləri qiymətləndirmənin nəticələri, qaliblərin müəyyən edilməsi ilə bağlı qərarı təqdimat mərasiminədək açıqlamamalıdırlar.
İlin rəqəmsal resurslarının seçilməsi və nominantların müəyyənləşdirilməsi
Ekspert Komissiyasının üzvlərinin hər birisi ayrılıqda müxtəlif müsabiqə nominasiyaları üzrə təqdim olunan resursları analiz edərək istiqamətlər üzrə qiymətləndirməni həyata keçirirlər. Səsvermə Ekspert Komissiyası tərəfindən iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə səsvermə Ekspert Komissiyası üzvləri tərəfindən Qiymətləndirmə Meyarlarına yğun olaraq ümumi təəssüratlar və konkret hər bir istiqamət üzrə vəziyyətin ümumi dəyərləndirilməsi əsasında həyata keçirilir.
Ən çox bal toplayan 5 resurs həmin nominasiya üzrə nominantlar siyahısına daxil edilir. Birinci mərhələdə səslərin sayı bərabər olduğu halda bərabər səs toplayanların hər birisi nominant hesab olunur.
İkinci mərhələdə Ekspert Komissiyası üzvləri konkret istiqamətlər üzrə nominantların xüsusi bal sistemi əsasında qiymətləndirilməsini həyata keçirirlər. Hər bir Komissiya üzvünün qiymətləndirilməsi yazılı olaraq əsaslandırılır (qiymətləndirmə ilə bağlı qısa şərh yazılır). Ən çox bal toplayan resurs bu nominasiyanın qalibi hesab edilir.
Bir komissiya üzvünün verdiyi səslərin digər komissiya üzvü tərəfindən görülməsinə imkan verilmir. Səsvermə prosesi hər bir komissiya üzvü tərəfindən ayrılıqda millinet.az saytı üzərindən elektron formada həyata keçirilir. Qaliblərin müəyyən edilməsi məqsədilə keçirilən səsvermə prosesinin ikinci mərhələsində Ekspert Komissiyası üzvlərinin birgə toplantısı keçirilə bilər.
İkinci mərhələdə ballar bərabər olduqda yekun qərar Komissiya üzvlərinin məsləhətləşməsi əsasında qəbul olunur. Hər bir Ekspert Komissiyası üzvünün verdiyi səslər və onun əsaslandırılması Təqdimat Mərasimindən sonra dərhal millinet.az saytında yerləşdirilir
Müsabiqənin yekunları haqqında məlumat İnternet kanalları və KİV vasitəsilə yayımlanır.