Layihə haqqında
Metrologiya xidmətlərinin rəqəmsal idarəetmə platforması – Metrologiya Alt Modulu (MAM)
Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən metroloji xidmətlərin göstərilməsi proseslərinin rəqəmsal idarə edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və inzibati prosedurların optimallaşdırılması məqsədilə Metrologiya Alt Modulu (MAM) hazırlanmış və tətbiq edilmişdir. Layihənin hazırlanmasına 2023-cü ilin sonunda başlanılmış, 2024-cü ilin iyun ayından etibarən istifadəyə verilmişdir.
Layihənin tətbiqindən əvvəl müraciətlərin qəbulu, sənədləşmə və icra prosesləri əsasən əl ilə həyata keçirilir, məlumatlar müxtəlif mənbələrdə saxlanılır və sifarişçilərin xidmətlərin icra vəziyyətini operativ izləmək imkanları məhdud olurdu.
Metrologiya Alt Modulu e-Keyfiyyət portalının tərkib hissəsi kimi vahid elektron mühit formalaşdıraraq fiziki və hüquqi şəxslərə metroloji xidmətlər üçün elektron müraciət etmək və sifarişlərinin icra vəziyyətini real vaxt rejimində izləmək imkanı yaradır.
Platforma sifarişlərin qeydiyyatı, icraçılara yönləndirilməsi, icra prosesinin idarə olunması və nəticələrin rəsmiləşdirilməsini əhatə edir. Sifariş məlumatları əsasında müqavilə və hesab-fakturalar avtomatik formalaşdırılır və elektron imza ilə təsdiqlənir. Ölçmə vasitələrinin yoxlanılması üzrə şəhadətnamələr, kalibrlənmə sertifikatları, yararsızlıq haqqında bildirişlər və digər sənədlər elektron formada təqdim edilir.
Sistemin funksional imkanlarına vahid məlumat bazası, monitorinq və idarəetmə paneli, sifarişçilər və əməkdaşlar üçün mobil tətbiqlər, elektron ödəniş və icra vəziyyətinin izlənilməsi daxildir. Sifarişçilərə xidmətin icra mərhələlərinə uyğun olaraq SMS bildirişləri göndərilir. Xidmət başa çatdıqdan sonra isə SMS vasitəsilə sifarişçilərə məmnunluq sorğusu təqdim olunur və xidmət keyfiyyətinin qiymətləndirilməsi təmin edilir. Məlumatların təhlükəsizliyinin təmin edilməsi və ehtiyat nüsxələrinin yaradılması üzrə müvafiq mexanizmlər də tətbiq olunur.
Layihənin innovativ xüsusiyyətləri:
Layihənin əsas yeniliyi metroloji xidmətlərin göstərilməsi zamanı əvvəllər ayrı-ayrılıqda həyata keçirilən əməliyyatların vahid rəqəmsal idarəetmə mühitində birləşdirilməsidir. Platforma yalnız sifarişlərin elektron qəbulunu deyil, xidmətin sifarişindən nəticələrin təqdim edilməsinə qədər inzibati və sənədləşmə proseslərinin avtomatlaşdırılmasını təmin edir.
Bununla yanaşı, mobil tətbiqlər vasitəsilə xidmətlərdən istifadənin əlçatanlığı artırılmış, monitorinq paneli vasitəsilə rəhbərliyin proseslərə nəzarət və operativ qərarvermə imkanları genişləndirilmişdir. İcra mərhələləri üzrə avtomatik SMS məlumatlandırması və xidmət sonrası məmnunluq sorğusu sifarişçilərlə operativ əlaqəni və xidmət keyfiyyətinin qiymətləndirilməsini təmin edir.
Layihənin tətbiqi ilə əldə edilmiş nəticələr və təsir:
Metroloji xidmətlərin orta icra müddəti təxminən 50% azalmışdır;
İnzibati iş yükü təxminən 80% azalmışdır;
Kağız əsaslı sənəd emalı 70–80% azalmışdır;
Sifarişçilərin xidmətlərin icra vəziyyətini izləmək imkanları tətbiq edilmişdir;
Xidmətlərin göstərilməsində şəffaflıq, izləniləbilənlik və hesabatlılıq artırılmışdır;
Məlumatların mərkəzləşdirilmiş qaydada idarə edilməsi və xidmət proseslərinin monitorinqi imkanları genişləndirilmişdir.
Metrologiya Alt Modulu dövlət qurumları, biznes subyektləri və vətəndaşlar üçün metroloji xidmətlərin əldə edilməsini asanlaşdırmaqla yanaşı, dövlət xidmətlərinin rəqəmsal transformasiyasına və idarəetmənin səmərəliliyinin artırılmasına töhfə verir.
Layihə yeni funksional imkanların əlavə edilməsi və digər rəqəmsal dövlət xidmətləri ilə inteqrasiyanın genişləndirilməsi baxımından inkişaf potensialına malikdir.
Layihənin linki
e-keyfiyyet.gov.az
Digər linklər
App store
Play store
UNİDO (Digital Transformation of Azerbaijan’s Metrology Services)