Layihə haqqında
Handex YouTube kanalı “Öyrənməyi hər kəs üçün əlçatan etmək” missiyası ilə beş ildir fəaliyyət göstərən, Azərbaycan dilində tam ödənişsiz, praktik videodərslər təqdim edən rəqəmsal təhsil resursudur. Kanalda hər həftə fasiləsiz olaraq yeni tədris məzmunu paylaşılır.
Kanal Azərbaycan dilində praktik texniki biliklərə çıxışı genişləndirir və ödənişli təlimlərə qoşulmaq imkanı olmayan şəxslərə müstəqil öyrənmə imkanı yaradır. Data analitikası, süni intellekt, biznes analizi, Microsoft Excel, Power BI, Oracle SQL, Python, Power Query, Power Pivot, beynəlxalq sertifikatlara hazırlıq və Microsoft 365 Copilot üzrə dərslər gündəlik iş tapşırıqlarının həllinə və peşəkar bacarıqların inkişafına yönəlib. Texniki müsahibə suallarının izahları isə işə hazırlaşan izləyicilərə dəstək olur.
Praktik öyrənməni dəstəkləmək üçün müvafiq dərslərin məlumat bazaları və tapşırıq faylları videoların açıqlama bölməsindəki keçidlər vasitəsilə ödənişsiz təqdim edilir. İzləyicilər bu materialları yükləyərək videodakı addımları öz kompüterlərində təkrarlaya və tapşırıqları müstəqil yerinə yetirə bilirlər.
Kanalın məzmunu süni intellekt və müasir rəqəmsal alətlərin praktik tətbiqini əhatə edir. Microsoft 365 Copilot və digər texnologiyalardan iş proseslərində istifadə real nümunələr üzərindən izah olunur. Tədris müxtəlif ehtiyaclara uyğun formatlarda təqdim edilir: ardıcıl videodərslər, real iş tapşırıqları, master-klass və meetup qeydləri, eləcə də gündəlik problemlərə sürətli həllər verən Shorts videoları.
22 000-dən çox abunəçisi olan kanal tələbələrə, işləyən mütəxəssislərə, iş axtaranlara və yeni peşə öyrənmək istəyən şəxslərə yönəlib. Məzmunun tam ödənişsiz və ana dilimizdə olması müxtəlif bölgələrdə yaşayan insanların texniki biliklərə çıxışını asanlaşdırır. Başlanğıc səviyyədən daha mürəkkəb praktik mövzulara qədər təqdim olunan dərslər fərqli hazırlıq səviyyələrinə xidmət edir.
Dərslər mövzular üzrə pleylistlərdə qruplaşdırılır və ardıcıl öyrənməni asanlaşdırır. Əsasən 10-15 dəqiqəlik qısa dərslər konkret mövzunu öyrənməyə və lazım olan izaha yenidən qayıtmağa imkan verir. Shorts bölməsindəki 20-30 saniyəlik videolar isə gündəlik suallara sürətli cavab təqdim edir. İzləyicilər YouTube-un mobil və veb interfeyslərindən istifadə edərək məzmuna telefon, planşet və kompüterdən baxa bilirlər.
Kanaldaxili axtarış və pleylistlər uyğun dərsləri tapmağa kömək edir. İzləyicilər videoları saxlaya və paylaşa, şərhlərdə suallarını verə və təcrübələrini bölüşə bilirlər. Bu imkanlar öyrənmə prosesini qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsi ilə tamamlayır.
Açıq videodərslərə baxmaq üçün Handex-də ayrıca qeydiyyatdan keçmək, ödəniş etmək və ya şəxsi məlumat təqdim etmək tələb olunmur. Videoların yayımlanması və platforma səviyyəsində texniki təhlükəsizlik YouTube infrastrukturu üzərindən təmin edilir. Əvvəlki dərslərin əlçatan saxlanılması isə izləyicilərə materiallara yenidən müraciət etmək və öz sürətlərinə uyğun öyrənmək imkanı verir.
Layihənin linki
www.youtube.com
Digər linklər
Playlist
Shorts
Testlər