Layihə haqqında
AzeLinux, Azərbaycan dilini dünyanın açıq mənbəli proqramlarına gətirən və bunun üçün öz texnoloji alətlərini yaradan könüllü icmadır. Biz GNOME-un (Ubuntu, Fedora, Debian və digər Linux paylanmalarında istifadə olunan iş masası mühiti) rəsmi Azərbaycan dili komandasıyıq.
Öz alətlərimiz
dotless: proqram kodunda Azərbaycan və türk dilinə xas “I/İ” xətalarını tapan analiz aləti. Kompüterin dili azərbaycanca olanda “i” hərfi böyüdüləndə “I” olmur və bu, proqramların səssizcə xarab olmasına səbəb olur. dotless C, Vala, Python, JavaScript və Rust kodunu yoxlayır, xətanın yerini, səbəbini və düzəlişini göstərir. Onun köməyi ilə GNOME-un e-poçt və təqvim altyapısında (evolution-data-server) 7 xəta tapdıq; düzəlişlərimiz layihəyə qəbul edildi və sabit versiyaya köçürüldü. Yazdığımız test əlavə olaraq kodda köhnə bir yaddaş daşması xətasını da üzə çıxardı.
Hunayn: tərcüməçilər üçün terminal aləti. Tərcümə fayllarındakı texniki xətaları (yer tutucular, teqlər, cəm formaları, qısayollar) göndərməzdən əvvəl avtomatik tapır və GNOME-un tərcümə platforması ilə brauzersiz işləməyə imkan verir. Başqa dillərin komandaları da istifadə edə bilər: Koreya komandasının sənədlərində qırıq bir linki tapdı və düzəldildi.
Gnope: tərcümə fayllarını telefondan, proqram quraşdırmadan tərcümə etməyə imkan verən Telegram botu.
Hunayn və dotless açıq mənbəlidir və PyPI-da yayımlanıb.
Dünya layihələrinə qəbul olunmuş kod
GNOME-un bütün tərcümə komandalarının (168 dil) istifadə etdiyi Damned Lies platformasına yeni API imkanları yazdıq və onlar rəsmi olaraq qəbul edildi. Məsələn, bir komandanın vəziyyətini öyrənmək üçün əvvəllər 113 sorğu lazım idi, indi 1 sorğu kifayətdir. Ümumilikdə 8 töhfəmiz rəsmi olaraq qəbul edilib (siyahı saytdadır).
Nəticələr (l10n.gnome.org rəsmi statistikası)
GNOME-un Azərbaycan dilinə tərcüməsi iki versiyada 2,8 dəfə artdı: GNOME 49-da 14%, GNOME 51-də 43% (13.047 sətir). 38 modul tam tərcümə olunub, o cümlədən masaüstü, Fayllar, Tənzimləmələr və giriş ekranı. Blender 3D proqramının interfeysini də tam tərcümə etdik; Azərbaycan dili Blender 5.3-ə rəsmi olaraq əlavə edildi.
Sayt
azelinux.com bütün bu işlərin mərkəzidir: alətlər kataloqu, tərcüməçi bələdçiləri, axtarışlı terminologiya lüğəti, töhfələr siyahısı və xəbərlər. Statistika rəsmi API-dən gündə bir dəfə avtomatik yenilənir. Sayt tamamilə Azərbaycan dilindədir, telefona uyğundur, HTTPS və məxfilik siyasəti var, Lighthouse testlərində bütün kateqoriyalarda 100 bal alır.
Layihənin linki
azelinux.com
Digər linklər
Damned Lies(AZ)
Telegram group