Layihə haqqında
Azərbaycanda elektromobil və plug-in hibrid avtomobil sahibləri üçün ən böyük çətinliklərdən biri yaxınlıqda mövcud enerji doldurma məntəqəsini (şarj stansiyası) tapmaqdır. Hazırda ölkədə ondan çox fərqli şarj operatoru 400-dən çox şarj stansiyası ilə fəaliyyət göstərir və hər birinin öz mobil tətbiqi mövcuddur. Bu vəziyyət istifadəçiləri müxtəlif tətbiqlər arasında keçid etməyə, zaman itirməyə və bəzən uyğun stansiyanı tapa bilməməyə məcbur edir. "Plug Point" bu problemi aradan qaldırmaq üçün bütün şarj şəbəkələrini birləşdirən vahid platformadır. Platforma "Telegram" daxilində mini tətbiq kimi xidmət göstərir. Bu tətbiq istifadəçilərə Azərbaycanın istənilən nöqtəsindəki bütün şarj stansiyalarını vahid xəritə üzərindən görməyə, axtarış və filtr funksiyaları vasitəsilə istədikləri stansiyanı tez tapmağa imkan verir. Tətbiq həmçinin innovativ imkanlara malikdir: istifadəçi şarj stansiyasındakı dolu vəziyyətdə olan başlıqlara (konnektor) abunə ola bilir və həmin başlıq boşalan kimi dərhal bildiriş alır. Bundan əlavə, tətbiq hər bir başlığın nə qədər müddətdir istifadədə olduğunu göstərir ki, bu da istifadəçiyə onun nə vaxt azad olacağını təxmin etməyə kömək edir. İstifadə rahatlığına xüsusi diqqət yetirilmişdir: interfeys sadə, intuitiv və sürətli işləyir, "Telegram" istifadəçiləri heç bir əlavə qeydiyyat keçmədən funksiyalardan yararlana bilirlər. Tətbiq həm mobil, həm də masaüstü mühitdə problemsiz işləyir, məlumatlar real vaxt rejimində yenilənir və sistem yüksək yüklənməyə qarşı dayanıqlıdır. Bu resurs elektromobil və plug-in hibrid avtomobil sahibləri üçün əhəmiyyətli vaxt qənaəti və rahatlıq təmin edir, eyni zamanda ekoloji nəqliyyatın inkişafını təşviq edən müasir və etibarlı informasiya mənbəyidir.
Layihənin linki
plugpoint.az
Digər linklər
Telegram