Milli İnternet Mükafatı - Milli Net

Qaydalar

( AIF -in 23.08.2013-cü il tarixli qərarı ilə qəbul edilmiş əlavə və dəyişikliklərlə)

1. Milli Net - Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar İnternet mükafatıdır.
Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

2. Milli İnternet Mükafatının əsas məqsədi

2.1. Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan İnternet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək;

2.2. Ən yaxşı milli internet resurslarımızın ölkəmizdə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq;

2.3. İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək

2.4. Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək

2.5. Bu mükafata layiq görülənlər aşağıdakı fəxri adı daşıyırlar: «Mill Net - Milli İnternet Mükafatı Laureatı»

3. Müsabiqədə iştirak üçün tələb olunan şərtlər

3.1. İstənilən hüquqi və ya fiziki şəxs Azərbaycan İnternet Forumunun təsis etdiyi Milli İnternet Mükafatını almaq üçün öz saytını müsabiqəyə təqdim edə bilər. Müraciətdə bir şəxs birdən çox saytı eyni və ya fərqli mükafat nominasiyalarında təqdim edə bilər. Hər bir sayt yalnız bir nominasiya üzrə verilə bilər. Təqdim olunan sayt Müsabiqənin müvafiq nominasiyasının mahiyyətinə uyğun olmalıdır. İddiaçı ilə məsləhətləşmə əsasında Təşkilat Komitəsi tərəfindən nominasiyada dəyişiklik edilə bilər. İddiaçının müraciətində Nominasiya seçimi ilə bağlı bu Qaydaların tələblərinin pozulması halları olarsa Təşkilat komitəsinin qərarı ilə daha uyğun Nominasiya dəyişikliyi edilə bilər.
Təqdim olunan saytlar qeydiyyatdan keçdikdən sonra iddiaçılar bu haqda məlumatı öz saytlarının gözəçarpan hissəsində yerləşdirirlər.

3.2 Mükafatın təsisçisi Azərbaycan İnternet Forumu və ya üzvlərindən, yaxud mükafatın sponsorlarından hər hansı biri eyni zamanda öz əməklərinin məhsulu olan saytları və ya layihələri müsabiqəyə təqdim edə bilərlər. Azərbaycan İnternet Forumu təminat verir ki, bu təqdimatlar da digərləri ilə birlikdə ümumi əsaslarla və obyektivliklə qiymətləndiriləcəkdir.

3.3 Milli əxlaq və ənənələrə uyğun olmayan saytlar müsabiqəyə buraxılmır.

3.4. Müsabiqə təşkilatçıları hər hansı yarış nominasiyalarından birində müsabiqənin aparılmaması və ya ehtiyac olduqda yeni mükafat nominasiyalarının müəyyənləşdirilməsi hüququnu özündə saxlayır.

3.5 Hər il keçirilməsi nəzərdə tutulan Müsabiqənin qaliblərinin elan edilməsi ilin sonunda gerçəkləşdirilən təqdimat mərasimində həyata keçirilir. Müsabiqənin başlanmasının elan edilməsi, qeydiyyat və səsvermə müddəti və digər hərəkətlər Təşkilat Komitəsi tərəfindən həyata keçirilir.

4. Dil və Azərbaycanla bağlılıq şərti

4.1 Azərbaycan İnternet Forumu Azərbaycanda milli internet resurslarının inkişaf etdirilməsini və genişləndirilməsini əsas məqsədi hesab edərək bu mükafatı təsis etdiyi üçün, müsabiqədə ancaq Azərbaycan dilli saytların iştirakına icazə verir.

Müsabiqəyə təqdim olunan saytların Azərbaycanla bağlı olması, Azərbaycan haqqında olması və ya Azərbaycan istifadəçiləri üçün nəzərdə tutulması vacibdir.

Yalnız Azərbaycanı xaricdə tanıtmaq və təbliğ etmək məqsədilə yaradılan saytların xarici dildə olması məqbul hesab olunur.

4.2. Saytların sahiblərinin istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda yaşaması, domen adlarının fərqli zonalarda olması , hostinqin yerləşdiyi məkan müsabiqədə iştiraka mane olmur.

5. İnsan şərəf və ləyaqətini alçaldan materiallar

5.1 Pornoqrafik və ya erotik məzmunlu, insanlıq əleyhinə , yaxud zorakılığı təbliğ edən, insan şərəf və ləyaqətini alçaldan materiallar olan saytların müsabiqədə iştirakı yolverilməzdir.

5.2 Hər hansı müsabiqə nominasiyasının şərtlərinə uyğun gəlməyən, yaxud iştirak şərtlərinə uyğun olmayan, qeydiyyat göstəriciləri həqiqi olmayan saytlar və layihələr müsabiqənin istənilən mərhələsində yarışdan çıxarıla bilər. Müsabiqədə iştirak edən saytlar müəllif hüquqlarına hörmətlə yanaşmalıdır. Müsabiqə prosesində bu Qaydaların pozulmasına, təhqirlərə və nalayiq ifadələrə yol verən iştirakçılar Təşkilat Komitəsinin qərarı ilə Müsabiqədən kənarlaşdırıla bilər.

5.3. Qeydiyyatdan imtina ilə bağlı əsaslar aradan qaldırıldıqdan sonra saytlar yenidən qeydiyyatdan keçə bilər.

6. Müraciət qaydaları

6.1. Müsabiqənin təşkilati işləri AİF tərəfindən formalaşdırılan Təşkilat Komitəsi tərəfindən aparılır.

Müsabiqədə iştirakla bağlı müraciətlər ancaq tərtib olunmuş «anket-forma» əsasında qeydiyyatdan keçdikdə qəbul edilir. Hər bir saytın və ya layihənin qeydiyyatı Milli Net saytında həyata keçirilir. Müraciət edən tələb olunan qaydada bütün suallara cavab verir. Tələb olunan qaydada müraciət formasını doldurmayanlar müsabiqəyə buraxılmırlar. Qeydiyyatda aşağıdakıların göstərilməsi zəruridir:

* Resursun adı

* Ünvan (URL)

* Resursun qısa təsviri

* Kimə məxsusdur

* Hazırlayan (fiziki və ya hüquqi şəxs)

* Nominasiya

* Dil

* Əlaqə vasitələri (S.A.A, telefon və e-poçt)

7. Müraciətlərin qəbulu

7.1. Saytın və ya layihənin müsabiqəyə buraxılması Təşkilat Komitəsi tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir.

7.2. Qeydiyyatdan keçənlər və qeydiyyatdan imtina ilə bağlı (səbəblər göstərilməklə) məlumat elektron formada müraciət edənlərə göndərilir.

7.3. Sonrakı məlumatlar ancaq hər hansı bir müsabiqə nominasiyasındakı nəticəyə görə göndərilir.

7.4. Müsabiqə nominasiyası üzrə qaliblər cari ilin sonunda AİF tərəfindən təşkil olunan təqdimat mərasimində ictimaiyyətə çatdırılır. Bununla bərabər, müsabiqə nominasiyaları üzrə qaliblərin siyahısı müsabiqə saytında və AİF-in rəsmi internet saytında dərc edilir.

NOMİNASİYALAR ( saytlar və layihələr üzrə)

  1. Korporativ sayt ( Şirkət, Müəssisə, Bank, Sığorta, Zavod-fabrik, Brend, Provayder, Digər xidmət, biznes və istehsal qurumları və s )
  2. İctimai və sosial saytlar ( İctimai təşkilatlar, Fondlar, Tədbirlər, Layihələr, Proqramlar və s )
  3. İnformasiya və Media (Ənənəvi media və Yeni Media )
  4. Mədəniyyət və turizm saytları ( Mədəniyyət və incəsənət , Musiqi, Sənətçilər, Kino, Teatr, Turizm, Musiqi və s)
  5. Ailə, uşaq və sağlamlıq (Ailə, Uşaq, Səhiyyə, Sağlamlıq və s. )
  6. Asudə vaxt, idman və əyləncə (İdman, Federasiyalar, Oyunlar, Əyləncə, Ünsiyyət və s.)
  7. Bloqlar (Fərdi, Kollektiv, Korporativ bloqlar və s.)
  8. Elm və təhsil ( Ali və orta təhsil, Məktəb, Müəllim, Distant təhsil, Qeyri formal təhsil, e-təhsil, təhsil layihələri və s )
  9. Dövlət və bələdiyyə saytları ( Dövlət və bələdiyyə qurumları, dövlət proqramları və layihələri və s)
  10. Xidmət-servis (İnternet üzərindən müxtəlif xidmətlər, elektron ticarət, elektron ödəmələr, İnternet-bank, onlayn auksionlar və s.)
  11. İstifadəçi kontenti üzərində qurulmuş saytlar (Web 2.0 layihələr , sosial servislər, onlayn bloq platformaları, onlayn cəmiyyətlər və s)
  12. Ən yaxşı sosial şəbəkə səhifəsi (İstifadəçilərlə informasiya münasibətlərini və xidmətlər göstərilməsini aktiv formada Facebook səhifəsi üzərindən həyata keçirən qurumlar)
  13. Elektron hökumət (Elektron hökumət həlləri, ən yaxşı və sosial əhəmiyyətli elektron
    xidmət təklif edən dövlət qurumlarının layihələri, elektron demokratiya və s. )
  14. İnnovasiyalar və Texnologiyalar ( 2013-cü ildə hazırlanmış, innovativ ideyalar və
    texnologiyalardan istifadəyə əsaslanan biznes yönümlü layihələr və s. )

Xüsusi nominasiyalar

  1. İnteraktiv marketinq. Ən yaxşı İnternet Banner
  2. Mobil. Ən yaxşı mobil resurs (wap daxil deyil)
  3. İstifadəçi kontenti üzərində qurulmuş ən yaxşı sayt ( Web 2.0, online cəmiyyətlər, online bloq platformaları, )

Təşkilat Komitəsi tərəfindən digər xüsusi nominasiyalar da təsis edilə bilər.

8. Müsabiqə Komissiyasının üzvləri və qiymətləndirmə qaydası

8.1. Müsabiqəyə təqdim edilmiş saytların qiymətləndirmə prosesi Müsabiqə Komissiyası tərəfindən aparılır. Müsabiqə Komissiyası üzvləri 15 nəfərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılır.

8.2. Müsabiqə Komissiyası üzvləri tanınmış internet ictimaiyyətinin nümayəndələri, mütəxəssislər, internet jurnalist və redaktorları, veb-masterlər və digər internet peşəkarları arasından seçilməklə formalaşdırılır.

8.3. Komissiya ayrı-ayrı Meyarların qiymətləndirilməsi üzrə işçi qruplar formalaşdıra, müstəqil ekspertləri qiymətləndirmə prosesinə cəlb edə bilər. Müsabiqə Komissiyası üzvlərinin və ekspertlərin şəxsi və ya professional əlaqədə olduqları saytların müsabiqədə iştirakına yol verilmir. Belə hallar müşahidə edilərsə, Təşkilat Komitəsinin qərarı ilə həmin saytlar yarışmanın istənilən mərhələsində yarışmadan çıxarılır və bu haqda məlumat müsabiqənin saytında yerləşdirilir.

Qiymətləndirmə prosesində üzrsüz səbəbdən iştirak etməyən Müsabiqə Komissiyası üzvləri AİF-in qərarı ilə üzvlükdən kənarlaşdırıla bilər. Komissiya üzvləri qaliblərin müəyyən edilməsi ilə bağlı qərarı təqdimat mərasiminədək açıqlamamalıdırlar.

8.4. Saytların seçilməsi və nominantların müəyyənləşdirilməsi

Müsabiqə Komissiyasının üzvlərinin hər birisi ayrılıqda müxtəlif müsabiqə nominasiyaları üzrə təqdim olunan saytlara baxıb xüsusi qiymət kriterinə uyğun olaraq qiymətləndirməni həyata keçirirlər. Hər bir Komissiya üzvünün hər bir sat üzrə qiymətləndirməsi əsaslandırılır (şərh yazılır). Səsvermə Müsabiqə Komissiyası tərəfindən iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə səsvermə Müsabiqə Komissiyası üzvləri tərəfindən qiymətləndirmə kriteriyalarına uyğun olaraq ümumi təəssüratlar və konkret hər bir kriteriyə üzrə vəziyyətin ümumi dəyərləndirilməsi əsasında həyata keçirilir. Ən çox bal toplayan 5 sayt həmin nominasiya üzrə nominantlar siyahısına daxil edilir. Birinci mərhələdə səslərin sayı bərabər olduğu halda bərabər səs toplayanların hər birisi nominant hesab olunur. İkinci mərhələdə Müsabiqə Komissiyası üzvləri Qiymətləndirmə Meyarları üzrə nominantların xüsusi bal sistemi əsasında qiymətləndirilməsini həyata keçirirlər. Ən çox bal toplayan sayt bu nominasiyanın qalibi hesab edilir. Qalib gələn saytlar növbəti 3 il ərzində bu müsabiqəyə təqdim edilə bilməz.

Bir komissiya üzvünün verdiyi səslərin digər komissiya üzvü tərəfindən görülməsinə imkan verilmir. Səsvermə prosesi hər bir komissiya üzvü tərəfindən ayrılıqda elektron formada həyata keçirilir. Qaliblərin müəyyən edilməsi məqsədilə keçirilən səsvermə prosesinin ikinci mərhələsində Müsabiqə Komissiyası üzvlərinin birgə toplantısı keçirilə bilər.

İkinci mərhələdə ballar bərabər olduqda yekun qərar Komissiya üzvlərinin məsləhətləşməsi əsasında qəbul olunur. Hər bir Müsabiqə Komissiyası üzvünün verdiyi səslər və müvafiq şərhlər Təqdimat Mərasimindən sonra dərhal millinet.az saytında yerləşdirilir

Müsabiqənin yekunları haqqında məlumat İnternet və KİV vasitəsilə yayılır.

8.5. Müsabiqənin qaliblərinin mükafatları:

- AİF-in xüsusi diplomu

- Müsabiqənin xüsusi prizi

- Sponsorların hədiyyələri

- Digər xüsusi prizlər də müəyyən edilə bilər.

8.6. Müsabiqə Komissiyası internet resursların qiymətləndirilməsini beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan və AİF tərəfindən təsdiq olunan, aşağıdakı istiqamətləri nəzərdə tutan Qiymətləndirmə Meyarları əsasında həyata keçirir:

Məzmun (informasiya tutumu)

Dizayn (vizual görünüş)

Texniki - texnoloji (texniki-texnoloji vəziyyət, naviqasiya funksiyaları)

8.7. Meyarların qısa açıqlanması.

Məzmun (informasiya tutumu) saytda olan bütün informasiya ehtiyatı kimi başa düşülür. Saytın informasiya tutumu istifadəçini cəlb etməli, saytın mövzusuna uyğun və aktual, sosial əhəmiyyət kəsb etməlidir. Bundan əlavə, saytdakı informasiya sadə formada təşkil olunmalı, auditoriyaya uyğun, aydın və qısa olmalıdır.

Dizayn saytın xarici görünüşünün xarakteristikasıdır. Sayt yalnız gözəl şəxsi səhifə olmamalı, eyni zamanda yüksək keyfiyyətli, auditoriyaya və mövzuya uyğun olmalıdır. Dizayn istifadəçini cəlb etməli, onu yormamalıdır.

Funksionallıq kriteri saytın texnoloji tərəfini xarakterizə edir. Veb texnologiyalardan ( animasiyalar, səs, video və s) effektiv istifadə edilməlidir. Yaxşı funksionallıq dedikdə, saytın tez yüklənməsi, keçidlərin düzgün işləməsi kimi xüsusiyyətlər başa düşülür. Sayt brauzerdən asılı olmamalıdır.