Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

04.12.2012

Milli Net Təşkilat Komitəsinin Məlumatı

Məlum olduğu kimi  Milli İnternet Mükafatı - Milli Net 2012 –də səsvermənin 1-ci mərhələsi başa  çatıb. Səsvermənin 1-ci mərhələsinin yekununda 13 Nominasiya üzrə  82 sayt Nominant statusu alıb.
Milli Net TK ümumən Müsabiqənin 1-ci mərhələsinin uğurla başa çatdığını bildirir. Saytların təqdim olunması,  şərhlərin yazılması və səsvermə prosesində hər hansı kobud Qayda pozuntusuna yol verilməyib.



Milli Net TK  bildirir ki, 1-ci mərhələnin yekunları ilə bağlı cəmi 4 şikayət və bir Müraciət daxil olub. Şikayətlərin 3-ü təqdim etdikləri resursun Nominant olmamsı ilə bağlı olub. Bir şikayət isə digər Nominant seçilən resurslarla bağlı olub və onun haqqında  aşağıda məlumat verilir.

TK-ya daxil olan Müraciətdə  StartUp Nominasiyası üzrə Nominant statusu qazanan nettrends.az resursunun Münsiflər Komissiyası üzvlərindən birisinə aid olması vurğulanıb. Məsələ TK tərəfindən araşdırılarkən məlum olub ki, həqiqətən də bu resursun dizaynı Münsiflərdən birisinə aid olub.
Milli Net TK Milli İnternet Mükafatı Qaydalarının tələblərini əsas tutaraq adı çəkilən resursun Müsabiqədən kənarlaşdırılması haqqında qərar qəbul edib.
Milli Net TK bildirir ki , mövcud Qaydalar həqiqətən də Münsiflərə və Təşkilatçılara aid  xeyli sayda faydalı və tanınmış saytların Müsabiqədən kənarda qalmasına səbəb olur. Bununla belə TK Müsabiqənin ədalətli və şəffaf keçirilməsi, Azərbaycan İnternetinin inkişafı naminə bunun anlaşıqla qarşılanmasını arzulayır.

Milli Net TK-ya faridmed.com və pro-mete.com  resurslarının “Bloq” Nominasiyasına nə üçün  buraxılması, onların məzmun kasadlığı , bu resurslar üzrə səsvermə ilə bağlı məlumatlar verilməsi haqqında  şikayət daxil  olub. Milli Net TK bu məsələni də araşdırıb. Araşdırmaların yekununda bəlli olub ki, şikayətdə qeyd olunanlarla bağlı mövcud Qaydaların hər hansı tələbinin pozulması halı yoxdur.

Milli Net TK bildirir ki, təqdim edilən resursların hansısa Nominasiyaya verilməsi iddiaçı tərəfindən müəyyən olunur. TK yalnız iddiaçıya  Nominasiyanın dəyişdirilməsi ilə bağlı təklif verə bilər. TK resurslarda qanuna zidd informasiyaların, Azərbaycan dili versiyasının və digər məhdud şərtlərin ödənilməsini yoxlayır. Amma heç bir halda hansısa informasiyanın az və ya çox olmasına, yaxşı və ya pis olmasına diqqət yetirmir. Çünki bu artıq qiymətləndirmə olduğundan tam olaraq Münsiflərin səlahiyyətinə aiddir. TK adı çəkilən resursların həqiqətən də məzmun cəhətdən zəngin olmasa da Bloq Nominasiyasına verilməsində indiki halda hər hansı Qayda pozuntusu müəyyən etməyib. İstənilən halda hansısa saytda  məzmun kasadlığı və ya  məzmun bolluğu ilə əlaqədar  Moderatorlar və ya TK tərəfindən dəyərləndirmə aparılması Qaydalara ziddir. Eyni zamanda Milli Net TK gələcəkdə Nominasiya seçiminin müəyyən edilməsində TK-nın səlahiyyətlərinin genişləndirilməsini də məqbul hesab edir.

Eyni zamanda Milli Net TK  bir daha  bildirir ki, 1-ci səsvermədə hər bir münsif öz istiqaməti (dizayn, kontent və funksionallıq)  üzrə resursları ümumi dəyərləndirmə və ümumi yanaşma ilə qiymətləndirirlər . Yekun rəy ümumi təəssüratlat və baxışlar əsasında formalaşır . 1-ci mərhələ səsvermənin ümumi nəticələrinin və ya konkret resurs üzrə vəziyyətin açıqlanması Qaydalarda nəzərdə tutulmayıb.
Bütövlükdə sayt üzrə və onun hər bir sahəsi üzrə detallı araşdırılma və nəticələrin açıqlanması 2-ci mərhələdə həyata keçirilir.
1-ci  səsvermə prosesi müəyyən qədər ümumi yanaşma nəticəsində gerçəkləşdiyindən , şikayıtdə qeyd olunduğu kimi adı çəkilən resurslarda  həqiqətən də müəyyən istiqamət üzrə hansısa çatışmazlıqların olması istisna deyil. Bununla belə TK ümid edir ki Münsiflərin bu resurslar üzrə 2-ci səsvermədəki yekun rəyi düzgün və ədalətli olacaq.

Milli Net TK bildirir ki, ötən müddət ərzində yalnız bir nəfər istifadəçiyə şərhlərin yazılmasında Qayda pozuntularına yol verdiyinə görə xəbərdarlıq edilib.

Milli Net TK bildirir ki, 1-ci səsvermənin yekunu ilə bağlı bəzi istifadəçilər tərəfindən  bir sıra sosial media vasitələrində qaldırılan məsələlərin bəziləri birbaşa həmin resurslarda cavablandırılıb.

Milli Net TK bəyan edir ki,  TK üzvlərinin  və Münsiflərin əksəri öz sahələri üzrə kifayət  qədər  tanınmış və təcrübəli şəxslərdir. Münsiflər səsvermə prosesində tam olaraq müstəqildirlər və Qaydalar uyğun olaraq səsverməni müstəqil həyata keçirirlər . TK Müsabiqənin tam olaraq şəffaf, çevik, ədalətli və informasiyalı bir şəraitdə keçirilməsinə var qüvvəsi ilə səy göstərir.  TK Milli Net  Əsasnaməsinin bütün tələblərinin gözlənilməsinə tam olaraq nəzarət edir.

Milli Net TK bildirir ki,  bəzi istifadəçilər sponsorlar və TK üzvlərinə aid olan saytların verilməsindən narahat olduqlarını bildiriblər. Milli Net TK bildirir ki , Milli Net –də tam müstəqil Münsiflər Komissiyası var və onlar heç bir digər qurumdan asılı deyillər. Bütün səsvermə prosesi tam olaraq gizli, elektron formada və offlayn görüşlər, təmaslar olmadan həyata keçirilir. Əsas nəticələr İnternetdə açıqlanır.  Odur ki, Qaydalarda yalnız Münsiflərə hər hansı aidiyyatı olan saytların Müsabiqədə iştirakına məhdudiyyət qoyulub. Bu şərtin pozulması isə Müsabiqənin istənilən mərhələsində resursun Müsabiqədən kənarlaşmasına gətirib çıxarır.

TK Milli Net-in daha da təkmilləşdirilməsi, daha peşəkar münsiflərin seçilməsi, yeni səsvermə texnologiyalarının tətbiq edilməsi istiqamətində təklifləri hər zaman məmnunluqla qəbul edir və AİF-in müzakirəsinə təqdim edir. Bu il də Milli Net-in yekununda belə bir müzakirənin keçirilməsi nəzərdə tutulur.

Milli Net TK bir daha bildirir ki hazırda Səsvermənin 2-ci mərhələsi başlayıb və   15 dekabr tarixdə başa çatacaq. Müsabiqə Komissiyası 15 dekabr tarixədək  Nominantlar arasından hər nominasiya üzrə qalib saytları  müəyyən edəcəklər.

Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telecom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in