Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

06.11.2010

Milli Net 2010-da ilkin səsvermə prosesi 10 Noyabr tarixdə başlayacaq

Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesinin başa  çatmasına  az bir müddət qalıb. Hazırda qeydiyyat  davam edir və Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.

Təşkilat Komitəsi bildirir ki, Milli Net 2010 başlanandan indiyədək 2000 nəfərdən çox iştirakçı qeydiyyatdan keçmiş, 300-dən çox  sayt Müsabiqəyə təqdim edilib. Onlardan 200 –dən çoxu Müsabiqəyə qəbul edilib. Hələlik daha çox  sayt  İnternet xidmətləri, Asudə vaxt, idman və əyləncə, Elm və təhsil, Korporativ saytlar nominasiyaları üzrə qeydiyyatdan keçib.

100-dən çox  sayt isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə  görə hələlik  müsabiqəyə buraxılmamışdır. Müsabiqəyə buraxılmamağın əsas səbəbləri bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili  versiyasının olmaması və müsabiqənin logosunun indiyədək saytda yerləşdirilməməsi  olub.
Təşkilat Komitəsi  bildirir ki, Müsabiqənin şərtlərinə görə Müsabiqədə iştirakından imtina  edilən saytlar imtina ilə  bağlı səbəbləri aradan qaldırdıqdan sonra  Müsabiqədə iştirakla  bağlı yenidən müraciət edə bilərlər. Yenidən müraciət üçün imtinanın səbəblərinin aradan qaldırılması ilə  bağlı saytı  təqdim edən tərəfindən müvafiq saytda şərhin yazılması yetərlidir. Qeydiyyat prosesi başa çatanadək yenidən müraciət etmək mümkündür.

İndiyədək qeydiyyatdan keçən saytlara 2000-dək şərh  yazılıb. Şərhlərin məzmunu ilə  bağlı TK-ya beş şikayət daxil olub və müraciətlər ədalətli qaydada həll olunub. Qaydaları pozduğuna və edilən xəbərdarlıqlardan nəticə çıxarmadığına görə bir nəfər Müsabiqədən kənarlaşdırılıb.

Təşkilat Komitəsi bir daha  bildirir ki,  qeydiyyat prosesi 20 noyabr tarixdə  başa çatacaq. İlkin  səsvermə 10 Noyabr tarixdə başlayacaq və hər Nominasiya üzrə Nominantlar müəyyən olunacaq.  04 dekabradək yekunlaşacaq sonuncu səsvermə prosesində Nominantlat arasından qaliblər  seçiləcək.

Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür. Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Artıq Mükafatların hazırlanması prosesi başa çatmaq üzrədir.

Milli İnternet Mükafatının yekun  Təqdimat mərasiminin dekabrın 1-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.

Milli Net-2010 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.

Daha geniş məlumat www.millinet.az   saytında yerləşdirilib.

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in