Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

04.12.2009

Milli Net 2009 -un ilkin nəticələri açıqlanıb

Bu gün AİF tərəfindən Milli Net 2009 - Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsinin başa  çatması ilə  bağlı mətbuat konfransı keçirilib.  
Müsabiqənin Təşkilat Komitəsinin üzvləri, AİF prezidenti Osman Gündüz və Vahid Qasımov Müsabiqənin gedişi və ilkin nəticələrlə  bağlı media  nümayəndələrinə məlumat  veriblər.

Milli Net 2009-a start veriləndən bəri  qeydiyyat prosesi başa çatanadək 1500 istifadəçinin millinet.az  saytında qeydiyyatdan keçdiyi və 583 saytın Müsabiqəyə təqdim edildiyi bildirilib. Onlardan 367 saytın Müsabiqəyə qəbul edildiyi, 216  saytın isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə  görə müsabiqəyə buraxılmadığı qeyd edilib.

Müsabiqəyə buraxılmamağın əsas səbəblərinin bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili  versiyasının olmaması vurğulanıb. Təşkilat Komitəsi tərəfindən bu saytlara yazılan şərhlərdə imtinanın səbəblərinin  qeyd edildiyi və sayt sahiblərinə bu haqda məlumat verildiyi bildirilib.
İnternet istifadəçilərinin münasibət  bildirməsi üçün millinet.az da  şərh yazmaq imkanı yaradıldığı və və indiyədək 2000 –dən çox şərh yazıldığı bildirilib. “Tez-tez verilən suallar” bölməsində yetərli izahedici məlumatlar yerləşdirildiyindən , müzakirələr  aşkar formada şərhlər yazmaqla aparıldığından Təşkilat Komitəsinə Müsabiqənin gedişi ilə   bağlı ciddi şikayətlərin və  müraciətlərin daxil olmadığı qeyd edilib.

Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15
nəfərlik səsvermə komissiyası üzvündən 14 nəfəri 1-ci mərhələdə saytların qiymətləndirməsinin həyata keçirdiyi bildirilib.

Səsvermənin 1-ci mərhələsinin yekununda 11 Nominasiya üzrə ən yaxşılar olan 63  sayt Nominant statusu alıb.

Hazırda səsvermənin 2-ci mərhələsi  başlayıb. Münsiflər heyəti 15 dekabr tarixədək  Nominantlar arasından hər nominasiya üzrə qalib saytları  müəyyən edəcəklər.

Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
 Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatının yekun  Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.

Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.

Daha geniş məlumat www.millinet.az   saytında yerləşdirilib.

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az
492-4444

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in